BAZAR GÜNÜ, FEVRAL 17, 2019

Xəbərlər

img

Millət vəkili məmurların xaricdəki mülklərindən danışdı - "...Arxayın olsunlar"

  • FEVRAL 08, 2019
  • 83

Ölkə mətbuatında son zamanlar məmurların mülklərinin siyahısı açıqlanır və tənqid olunur. Siyahılardan məlum olur ki, həmin məmurlar külli miqdarda varidata sahibdirlər və vəsaitlərinin çoxunu xaricə daşıyırlar.

Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov "Yeni Sabah"a açıqlama verib. O da təsdiqləyib ki, bu tendensiya intensivləşib:

"Mütəmadi olaraq yerli mətbuatda bununla bağlı çoxlu yazılar dərc olunur. Ümumiyyətlə mülklərin xaricə daşınmasını qəbul etmirəm. Əgər vəsaitin varsa, imkanın çoxdursa, Azərbaycanda nələrsə et ki, problem yaranmasın.

İkincisi, bir neçə dəfə məsələ qaldırmışam ki, kapitalın amnistisiyasını aparaq, insanlar vəsaitləri xaricə çıxarmasınlar, narahat olmasınlar. Onsuz da vəsaiti qazanırlar. Lakin bunu xaricə çıxarmaq , özünə və ya xarici dövlətə yatırmaq bizim üçün heç bir əhəmiyyət kəsb etmir, ölkəmizə xeyir vermir. Bu baxımdan kapital amnistisiyasına böyük ehtiyac var".

Deputat qeyd edib ki, hər şey qanun çərçivəsində olmalıdır: "Yəni bu vəsaitlər terrorizm, narkotik və.s kimi məsələlər üçün xərclənməməlidir. Yalnız Azərbaycanda layihələr həyata keçirilsin, yəni ölkənin xeyrinə nələrsə edilsin. Azərbaycan müstəqillik elan etdikdən sonra müəyyən qədər nəzarət mexanizmi çox güclü olmayıb, insanlar da vəsaitlərini xaricə çıxarırlar. İndi də bu mülklər, vəsaitlər ölkə, o cümlədən xarici mətbuatda yayımlanır. Bilirsiniz, xaricdə də bununla bağlı ciddi addımlar atılır. Məsələn, İngiltərədə xüsusi qanun qəbul ediblər, məmurların, vətəndaşların əmlakı nəyin hesabına aldıqları sorğulanır və.s. Hesab edirəm ki, insanlar daha çox öz dövlətinə xeyir verməyi düşünməlidir.

Ölkədə mal-dövlətləri olanların da xaricdə vəsaitləri var. İşləyib, qazanıblar. İndi oğurluqla-doğruluqla edib bunu, ya necə - demək çətindir. Amma vətənini, millətini sevən insanlar imkanları varsa, ölkədə nələrsə etməyə çalışırlar. Burada maliyyə toxunulmazlığı məsələsi də var. Kapitala amnistiya mütləq lazımdır ki, insanlar qazandıqları barədə ciddi problem yaranmayacağına arxayın olsunlar".