BAZAR GÜNÜ, FEVRAL 17, 2019

Elm və incəsənət

img

Emin Pirinin yeni şeirləri

13-cü gecə etüdləri
( Xınalı əllərin, xanım əllərin,
Gündüzlər qızının qara telini,
Gecələr yuxumu qarışdıracaq.
Sabir Yusifoğlu).
Evimə oğru girdi,
kimsə görmədi.
Qəlbimə sən girdin,
hamı gördü,
gördü...

Mən qapımı döyən əzrayıla
Otur çay iç, dincini al-
deyən adamam,
sənimi sevməyəcəm?!

Bilyard şarıtək düzüb planetləri
nə qədər ki, Tanrı
vurmayıbdı kilini,
əlini ver əlimə,
çıxaq taleyin süfrəsindən
qalxaq Allahdan yuxarı.

Daha mövsümüdü gəlişinin,
Qapımdan əl izlərini dərirəm.
Hansımız tez çatacaq sənə
yollar ayaqlarımla qaçır, yarışır.

Qulaqların dodaqlarımdan oğurlayar
hələ deyilməmiş sözləri
saçların əsir düşər darağıma.
Dodaqların təzə açmış yaz çiçəyi
mənsə bal arısı...

Ayaqlar getmək üçün yox,
qayıtmaqçündü.
Düşünmə qəlbə gedən yolları,
O yol-bəlkə elə özünsən.

Səni qısqanan göyərçinlər
həyətinizdən
ayaq izlərimi dənləyir.

Bezər cüt çarpayılıq təklikdən
Hayqırar:
“Daha göyə baxanda ulduzları yox,
səni görmək istəyirəm”.

Sənin Adəmin mənəm,
inanmırsan, soyunum.
Bax...
Qabırğamdakı yerinə...
Daha sənlə yaşamaq yox,
səni yaşamaq istəyirəm.


Sənsiz yalnızlığım yalana dönür
bununçün qadın ətri vurdum üstümə,
dost tanışa rast gələndə
“Sənlə görüşdüyümü” bilsinlər.

Düşmən ölkələr arasındakı
səngərə çevrilər
aramızdakı adamlar.
Atlantik və Aralıq kimi
qarışmağa qoymazlar.

Yalnız bir var
iki birin kölgəsidi.
nifrət qəlbindəki boşluq,
sillə sığalın aqressiyasıdı.

Dünyanın ən qulaqbatırıcı səsidir
sevdiyin adamın sükutu.
Barmağındakı üzük də soğan kimi 
dil açar gözlərində
xatirələr boğaza dirənmiş ülgücə çevrilər.

Nə fərqi var, Bakı
Ya da ki, Ərdəbil
indi sinəm bütöv Azərbaycandı,
Rahat qoy başını.
Vətəninə...

 

 

Tarix müəllimi
( Əli Kərimə)
Xəzərin qucağına sığınan
bir ovuc kənd 
əl açıb dənizdən
torpaq dilənir.

Dəniz torpaq yerinə
laylay deyir dalğalarıyla 
Yatırdır bir ana kimi.
Bizə qul olmağı anamız öyrətdi! 
İstiyə, aclığa, ya da qandal kimi bələyə 
etiraz eləyib ağlayanda, 
bir ana laylasıyla susdurulduq 
köləliyə xoş gəldin deyib.

Sayır şagirdim müqavilələri
İmperialist qardaşlarının “mərhəmətini”
“Azərbaycan bölüşdürüldü!
Bölüşdürüldü!...”
əl uzadıb dağları göstərir...
- Qafqaz sıra dağları 
bir az baş daşlarına oxşayır
bircə yazısı çatışmır:
“Burda bir xalq uyuyur...
Torpağın üstündən əli üzülüb,
Torpağının altının səsini duyur...
Tarım çəkilmiş neft boruları 
Atamın təzyiqli damarlarına bənzəyir. 
Ürəyinə qayıtmırsa, 
bəs, hara axır bu qan?”

Sayır torpaqların işğal tarixini:
“ölərəm, əldən getsə vətən” deyənlər
uzunömürlü kimi təqaüdə düzüldülər
işğaldan sonra.

Heç vaxt keçmədim o sinifdə
2011-in “ərəb baharını”.
Bilirdim,
O, həmin il
anasını itirdiyini xatırlayacaq. 
Hələ də uğuldayır qulağımda: 
Anamda xərçəng çıxanda
Bütün xərçənglərə yalvarmışdım dəniz kənarında
“özünüzdən olanı aparın, gedin” - deyə.

Bu gün qonaqlarımız tanrılardı.
Məbədə çevrilər otağı
Qonaqlar Ra, Anubis, Osiris… 
Bu qədər tanrı necə uduzdu
bir islam Allahına?!

Şagirdlərimi gözlərindən tanıyıram
Oxumuşam gözlərində 
tarixi də, saflığı da.
-Bu gün dərsimiz 20 yanvar… 
- Bəs, demədilər o gecə qorxar uşaqlar güllə səsindən?!

Erməni əsgərləri irəliləyir
Mərmilər partlayır
Xocalıda qətliam olacaq.
613… 
Elə bu yerdə
dayanın deyə 
Təngənəfəs bir uşaq qaçıb
vurur tənəffüs zəngini 
beləcə bitirir müharibəni…

Yenə gecikir maaş
evdən çıxanda 
anamının dualarını qoydum cibimə
yolpulu əvəzi.

Əlini atar cibinə tarix müəllimi,
cibi ürəyindən vurar,
ürəyi cibində vurar. 
eranın əvvəlləridi cibindəki manatın sayı.
Sən çətin çatasan 1501-ə, 2017-yə.

Alın yazısı itkin düşən şagirdin… 
Oxunar gözlərində: 
“Canavar südünə
susayıb dodaqlarım 
Ergenekondan bəri ilk dəfə
belə yalnızam, azam, çox azam!

...Qonşumuzdakı Bahadır dayı 
bir əlini Berlində itirib
hələ 1945-də. 
Qocalıb indi bütün bədənini gəzir qırışlar.
Gəzib hər yerini axtarıb tapıb 
bircə tapa bilmir həmin əlini.
O qırışların o əli axtardığı, 
o əlsiz darıxdığı kimi özlədim səni, Vətən!

 

 

Tanrılar məbədi qadın
(səngərdən məktub)
Öpüşümlə dərərəm barmaqlarını bir-bir,
çobanyastığı ləçəkləri kimi sayaram
sevir, sevir
və...
Sevir.

Unutmaq
yeri yaddan çıxan basdırdığın
mina kimidir.
bir gün üzər ayaqlarını həyatdan
gözləmədiyin anda.

Küsər,
Baxışları-
şimal buzlu okeanın sahilə vurduğu
sərt, dondurucu ləpələr kimi.

Yeddi yox,
bütün notların sayı cəmi birdi.
təbəssümündən qopmadı hər bəstə.
Gözlərin
dənizlərin şahı,
görsə
Poseydon utanardı məqamından.
Ürəyim yerindən çıxıb
düşər ovuclarına.

Sən Tanrı Kukulkan
mənsə yağış duası.
Qəlbim əllərində döyünər
rahib taxçasındakı ürək kimi.

Indi anlayırsan ki,
yollar qovuşmaq yox, ayırmaqçündü.
Bütün yolları dağıtmaq lazım,
körpüləri uçurtmaq...

Xatırladınmı,
ata anası savaşarkən
oyuncağının gözlərini tutan
qızcığaz 
bu gün “xilaskar” kimi
“Can qurtarırdı” abort masasında.

Burda anlayırsan ki,
Sevmək-solunda qəlbin döyüntüsü yox,
hər sabah oyandığında
sağında
bir ürəyin yatdığını görməkdir.
Qurmaq istərsən
o uşaq kimi dünyanı.
Divardan endirib ata rəsmini
silib qoltuq ağaclarını onun şəklindən,
ayaq çəkirdi atasına 
Mərmilərin acığına.

Bilirsənmi, necə dəhşətlidir
ilk kərədən qınanmaq.
Başının üstünü kəsdirən qızın:
“Niyə ayağa qalxmır, bu mədəniyyətsiz” baxışı.
Deyə bilməzsən
ayaqlarının iki il öncə
mina üstündə centlmenlik etdiyini...
Protez ayağın utanar özündən
qayıda sənə:
“Xahiş edirəm, daha mənsiz get”

Məktəbdə kökə bölüşdürən uşaqları
burda mərmilər bölüşdürür 
öz aralarında, sevgili.
Bəlkə də dönərəm,
hər duamı tellərinə deyərəm
bütün arzularımı ovcuna pıçıldayaram
dodaqlarında alaram dəstəmazı,
Tanrılar məbədi qadın.

 

 

"SƏNSİZM"
(N.H-ı tanıdıqdan sonra)
Səni sevmək
zülüm bir iş,
burda doğulmaq kimi,
Alın yazısını
sondan əvvəlinə
oxumaq kimi...
Səni sevmək
müsəlman orucunda iftara gələn
çoxillik şərab kimidi...
bu qədər vazkeçilməz
bu qədər günah...

Bir az da
qabırğasını çimdikləyib
oynadığım əzrayılın
kölgəsində sürünməkdi.
Tellərinin havasına
barmaqlarımın oynaması,
əllərimin hörüklərinlə
əl-ələ tutub yallı getməsidi
səni sevmək...

Saçlarımın qarasını
sığalında itirib,
nağıldakı qurbağanın
dodağından öpməkdi-
bəlkə sənə çevrildi.

Öpüşlərimi qızılgül ləçəkləri kimi
boynundan asmaq,
çiynimdə mələklər yerinə
saçlarının rəqs etməsidir
sənə tapınmaq.
əllərim darıxmasın deyə
Tanrı yaratdı səni.

Qapımızın cəftəsinə çevrilib əllərim
bəlkə döyəcəksən qapımı.
Heç nə istəmirəm,
Hər sabah zəngli saata çevrilsin
yatağımda “oyan” deyən öpüşün.
Yetişməmiş göyəmlər
hədiyyəm olar boynuna
aldığım hər öpüşün əvəzində.
dillərimizin yerini dəyişərik
ağzımızda“fransızca”.

Indi Adəmlər
yoldan çıxır bir yox, “cüt alma”ya.
Ya özün gəl,
ya da qaytar qabırğamı.

Orda
həbsxana divarları ucalır,
bir ağac boylanır həyətindən.
hər mövsüm gözətçi budayır
divarlardan
azadlığa çıxan budaqlarını.

Azadlığı
məftillərdən kənara çıxan
kölgəsi dadır bu ağacın.
Sənə uzanan əllərimdi o budaqlar...
Getdiyin bütün yollar kölgəmdi mənim.
Heç bir quruluş ovutmur məni
nə kapitalizm, nə də kommunizm
indi hər yer “Sənsizm”di.